Losk

Düzgün doza: nə qədər çox olsa, bir o qədər qüsursuz olacağını düşünürsüz?

Yuyucu vasitənin düzgün dozası paltarlarınızda möcüzələr yarada bilər. Artıq miqdarda yuyucu vasitədən istifadə onun effektivliyini artırmır. Digər tərəfdən isə az miqdarda yuyucu tozla ləkə çıxarmada istədiyiniz nəticəni əldə edə bilməyəcəksiniz.
Hər bir LOSK qablaşdırmasının üzərində düzgün doza ilə bağlı tövsiyələr verilib.
Yadda saxayın ki, düzgün doza seçimi üç amildən asılıdır:

  • paltarın sayı
  • kirlənmə dərəcəsi
  • suyun codluğu.

İdeal doza necə təyin edilir?  Yuyucu vasitənin ən uyğun dozasını təyin etmək üçün bizim doza kalkulyatorundan istifadə edin.

Paltarların çeşidlənmə qaydası

  1. İlk öncə, paltarın üzərindəki məlumat etiketlərini diqqətlə oxuyun.  Bu məlumat əsasında paltarı temperatur və parçanın növünə görə çeşidləmək mümkündür.
  2. Az kirlənmiş və çox ləkəli paltarları bir yerdə maşına qoymayın. Çox ləkəli paltarlar üçün daha yüksək dozada vasitə və yüksək temperatur tələb olunduğu halda, az kirlilər soyuq suda da yuyula bilər.
    Çox ləkəli paltarlar mümkün qədər tez yuyulmalıdır.  Ləkə çıxarmanı asanlaşdırmaq üçün paltarları uzun müddət saxlamayın.
  3. Bəyazları və qaraları ayrı, eyni temperatur rejimində yuyula bilən eyni rəngli paltarları isə birlikdə yuyun.
  4. Paltaryuma zamanı yeni parçaların boyası digər paltarlara keçə bilər. Parçanın rəng intensivliyindən əmin olmadıqda, onu ayrıca 40°C-dən yüksək olmayan temperaturda yumaq məsləhət görülür. 
  5. Paltaryuyan maşının az və ya çox yüklənməsinə yol verməyin!  Paltaryuyan maşını seçilmiş yuma proqramına uyğun şəkildə doldurun (bu haqda daha ətraflı məlumat istehsalçı təlimatında əks olunub).
  6. Məlumat etiketində paltarı ayrı yumaq tövsiyə olunarsa, bu təlimata hər zaman əməl edin.

Paltaryuyan maşını düzgün doldurma qaydaları

Düzgün doldurulma üçün bəzi paltarların quru çəkisini bilməlisiniz.  Bu məlumat paltaryuyan maşının texniki spesifikasiyalarında əks olunub.  Paltar xüsusi hazırlanmış məhlulda isladılmalıdır.  Məhlulun temperaturu 40 dərəcədən artıq olmamalı, tərkibindəki yuyucu vasitənin miqdarı isə normal yuyulma zamanı istifadə olunanın yarısı qədər olmalıdır.

Paltarı maşına qarışıq şəkildə yığmamaq tövsiyə olunur, əks halda onlar bir-birinə dolaşaraq böyük kütlə yarada bilər.  Bu isə maşının sıradan çıxması kimi xoşagəlməz hallarla nəticələnə bilər, çünki bu halda ağır kütləni fırlatmağa barabanın gücü yetmir. Böyük və kiçik paltarlar sıra ilə maşına doldurulmalıdır.  Lazım olduğundan artıq miqdarda  yuyucu vasitə istifadə edildikdə, paltaryumanın keyfiyyəti aşağı düşür və həm paltara, həm də maşına zərər dəyir. Maşında tərkibində xlor olan ağardıcılardan istifadə etməyin, bu zaman paltaryuyanın hissələri zədələnə bilər.  Paltaryuma zamanı düymələrin qopmaması üçün paltarlar düymələnərək tərsinə çevrilməlidir.

Paltarı yuduqdan sonra nə edilməlidir?

Paltarlar yuyulduqdan sonra yaxalanmalıdır. Əllə yaxalayarkən sintetik və ya ipək paltarları sıxmayın. Bu cür paltarların ehmalca suyunu sıxmaq kifayətdir.  Pambıq və kətan paltarlar ilk öncə isti yumşaldılmış suda yaxalanmalıdır ki, yuyucu toz qalığı tamamilə həll olunsun, daha sonra isə ikinci və üçüncü dəfə ilıq və son olaraq soyuq suya çəkilməlidir. Yun parçalar ancaq ilıq suda yaxalanmalıdır. Yun paltarları yaxalayarkən suyun temperaturu 40 dərəcədən artıq olmamalıdır. Yun paltarları möhkəm sıxmaq tövsiyə edilmir.

Avtomat yuyucu maşınlardan istifadə edənlərə paltarların bürüşməməsi və rütubət qoxusu verməməsi üçün yuduqdan dərhal sonra paltarı barabandan çıxarmağı tövsiyə edirik. Bu zaman paltarı ütüləmək də asan olur.

Paltarların qurudulması və ütülənməsinə dair məsləhətlər

Paltar ütüləməyi çox az insan sevir...
Aşağıda bu zülümlü işi xeyli asanlaşdıran bəzi ipucları verilib.

  • Paltar yuyarkən kondisionerlərdən istifadə ütüləməni asanlaşdırır. 
  • Bəzi paltarlar qurudulduqdan sonra ütüləməyə ehtiyac qalmadan səliqəli qatlana və ya asılqandan asıla bilər.
  • Paltar etiketlərindəki məlumatı diqqətlə oxuyub təlimatlara əməl edin. Bizim Paltaryuma təlimatçısı etiketlərdəki şərti işarələri anlamaqda sizə kömək edəcək.
  • Paltar ütüləyərkən ütünün rejimini tez-tez dəyişməmək üçün paltarları təbii və sintetik parça qruplarına ayırın.
  • Temperatur rejimini dəyişərkən ütünün tələb olunan temperaturadək qızmasını və ya soyumasını gözləyin.
  • Paltar ütüləyərkən həddindən artıq quru paltarları spreyin (su səpələyicinin) köməyi ilə isladın. 
  • Yenicə ütülənmiş paltarları, o cümlədən ağları dərhal dolaba yığmayın, əks halda onlar qırışaraq formalarını itirəcək.  Ütülədikdən sonra paltarların soyumasını gözləmək lazımdır.
  • Təbii materialdan və asetat ipəkdən olan paltarlar hər zaman çox isti olmayan ütü ilə tərs tərəfindən ütülənməlidir. Paltarın üz tərəfində olan ipək detallar paltarın altına yaş əski qoyulmaqla nazik (salfet) kağız üzərindən ütülənməlidir.
  • Ən yaxşısı isə ipək parçanı ümumiyyətlə ütüləməməkdir. Yarı qurumamış paltarı düzgün istiqamətlərdə dartmaq və bununla da düzgün formaya salmaq kifayət edir.
    Yenə də ipək paltarı ütüləməyə ehtiyac qalarsa, tərs üzünə çevrilməli və çox isti olmayan ütü ilə əski parçası üzərindən ütülənməlidir. Paltarı çox ütüləmək məsləhət görülmür, yəni eyni yeri istifadə etdiyiniz əski parçası tam quruyanadək ütüləməyin.
  • Ancaq təmiz paltarları ütüləmək tövsiyə olunur, belə ki, isti ütü əvvəl nəzərəçarpmayan ləkələri də ortaya çıxaracaq.

Rənglərin qorunması və paltaryuma ilə bağlı şərti işarələr

Paltarlar bəyaz və rəngli parçalardan ləkələrin daha yaxşı çıxarılması üçün yuyucu vasitələrə   əlavə edilən oksidləşdirici ağardıcılara qarşı  həssas ola bilər. Yuyularkən paltarlarınızın rənginin solmaması üçün etiket məlumatlarını diqqətlə oxuyun. "Ağardıcı istifadə etməyin" xəbərdarlığı adətən ağardıcılara qarşı həssas olan paltarların etiketində əks olunur. Hələ də əmin deyilsinizsə, yumağa başlamadan öncə sadə bir test keçirin:

  • Paltarın tikiş yerinin və ya iç tərəfinin kiçik bir hissəsini isladın. 
  • Bir parça ağ əski və ya salfet üzərində ütüləyin.

Ağ səthdə rəng ləkəsi yaranarsa, deməli paltarınız ləkələnməyə meyilli materialdan tikilib. Bu cür paltarlar ayrıca yuyulmalıdır.
Rənglərin parlaq və canlı qalması məqsədilə rəngli paltarlar üçün nəzərdə tutulmuş LOSK Color yuyucu tozu və ya gelindən istifadə edin.

Yumşaldıcıya ehtiyac varmı?

Çox vaxt paltar yuduqdan sonra parçanın sərtləşdiyinin şahidi oluruq. Buna bir neçə amil səbəb ola bilər: paltaryuyan maşının mexaniki təsiri, cod su, müasir yuyucu vasitələr. Digər məsələ isə sintetik materiallar üzərində formalaşan statik elektrik cərəyanıdır - parça bədənə yapışaraq toz hissəciklərini özünə cəlb edir.
Yumşaldıcı istifadə edilərək yuyulan və edilmədən yuyulan parçalar arasındakı fərqə diqqət yetirin. Yumşaldıcı istifadə edərək yuduqda:

  • liflər hamarlaşır və parça yumşalır;
  • paltarı ütüləmək asan olur;
  • paltarlar daha az elektriklənir və daha az toz cəlb edir.

Yumşaldıcı vasitəsiz yuduqda, liflər dolaşır və nəticədə paltar daha sürətlə yırtılır.
Henkel, Vernel yumşaldıcılarından istifadə etməyi tövsiyə edir.

Qabartma tozu ilə qan ləkəsini çıxarma qaydası:

Qan ləkələrinin çıxarılması olduqca çətindir. Lakin bu cür ləkələri çıxarmaq üçün kiçik bir ipucu mövcuddur.

  1. Qan ləkəsini soyuq su ilə isladın. İri ləkələr ləyən və ya çanaqda isladılmalıdır.
  2. Ləkəni soyuq suda əllə ovalamaqla mümkün olduğu qədər tez zamanda çıxarmağa çalışın. Bu qayda ilə ləkənin mühüm hissəsi təmizlənəcək.
  3. Bu zaman qətiyyən isti su istifadə etməyin. İsti su ləkənin daha da dərinə hopmasına səbəb olacaq, belə ki, qan ləkəsi protein əsaslıdır və istilik onun çıxarılmasını mümkünsüzləşdirir.
  4. İsladılmış ləkənin üzərinə qabartma tozunu töküb 30 dəqiqə gözləyin.
  5. Ləkənin rəngi solduqda paltarlar müntəzəm olaraq yuyula bilər. Ləkənin tam olaraq təmizlənmədiyini düşünürsəniz, qabartma tozu ilə olan proseduru təkrarlaya və ya yumadan əvvəl ləkəçıxarıcı vasitə istifadə edə bilərsiniz.